Şorqoğal
Directions
Təkcə Novruz bayramında deyil ilin bütün aylarında sevə-sevə yediyimiz – Şorqoğal! Fikrimizcə, şorqoğal çox insanın səhər yeməyinin əvəzolunmaz qidasıdır.
Bizim reseptdən faydalanaraq “Şorqoğal” hazırladınızsa, şəklini bizim İnstagram və Facebook səhifəmizə göndərməyi unutmayın. Təkliflərinizi isə şərh bölməsinə yaza bilərsiniz.
Tərkibi
Xəmir üçün
1 paçka (2 +1/4 ç/q) toz maya
1 stəkan ilıq su
6 stəkan un (xəmir yoğurmaq üçün də əlavə un istifadə oluna bilər)
2 ç/q duz
1 stəkan süd – otaq hərarətində
1 yumurta
200 qr əridilmiş (ərinmiş deyil) və soyudulmuş kərə yağı
İçlik üçün
2 x/q cirə
2 x/q razyana
1/2 ç/q sarıkök
1 ç/q duz
1/4 ç/q istiot
2 stəkan un
115 qr əridilmiş (ərinmiş deyil) və soyudulmuş kərə yağı
Yağlamaq üçün:
Yarım kilo əridilmiş yağ.
Üstü üçün:
2 yumurta sarısı
1 x/q xaş-xaş
Əvvəlcə xəmiri hazırlayaq. Balaca bir kasada mayanı ilıq suda həll edib təxminən 10 dəqiqə köpüklənməsi üçün gözləyin. Unu iri qaba ələyin, üzərinə duz əlavə edib qarışdırın. Ortasında bir çökək açıb maya qarışığı, süd, yumurta, və yağı əlavə edin. Əlinizlə bunları qarışdırın. Xəmiri unlanmış taxta (və ya masada) yumuşaq və elastik olana kimi, 10 dəqıqə yoğurun. Xəmir çox bərk olmamalıdır. Əgər xəmir hələ də əlinizə yapışırsa, onda biraz da un əlavə edib yoğurmağa davam edin. Xəmiri iri qaba qoyub üzərini dəsmal ilə örtüb gəlməsi üçün isti yerə qoyun., Təxminən bir saat yarım gözləyin.
Bu müddətdə içi hazırlayın. Cirə və razyana toxumunu 2 dəq. ətri çıxana qədər qovurun (qovurmaq onların ətrini və dadını artıracaq ama bu o qədər də vacib deyil – onları olduğu kimi də istifadə edə bilərsiz). Ədvaları həvəngdə döyün. Bir qabda yağdan başqa iç üçün nəzərdə tutulan bütün ərzaqları qarışdırın. Əridilmiş yağı buraya əlavə edib əlinizlə narın umac olana kimi ovxalayın. Hazır olan içimizi kənara qoyun.
Gələn xəmiri yağlamaq üçün yağı hazırlayın – yağı əridin, duz əlavə edib kənara qoyun.
2 iri soba listini hazırlayıb kənara qoyun.
Xəmiri kündələyib 9 bərabər hissəyə ayırın. Hər hissəni kündələyin. Biraz un səpilmiş taxtada bir kündəni 50 sm.lik dairə alınanadək yayın. Yaydıqca arada un səpin ki, xəmir oxlova yapışmasın, yaymaq rahat olsun. Sonra yuxanı oxlov vasitəsilə kənara qoyun.
4 x/q yağı yuxanın üstünə çiləyib əlinizlə yayın. Qalan kündələri də bu cür yayıb, üst-üstə yığın. Sonuncudan başqa hamısını yağlayın. (hər sonrakı kündəni daha kiçik açıb ondan əvvəlkinin üstünə yerləşdirib, kənarlarından çəkə bilərsiniz ki, altdakı yuxanın üstünə tam otursun). Indi isə, ehtiyyatla, lay-lay xəmirin kənarlardan tutub diametri 60 sm olana kimi (yaxud da nə gedərsə, o qədər dartın)
Indi isə, iti bıçaqla, xəmirdən 5 sm enində zolaqlar kəsin, sonra isə zolaqları 30 sm. uzunluğunda düzbucaqlara kəsin. Dairənin qısa tərəflərini kəsməyin. Düzbucağın qısa tərəfindən başlayaraq onu rulet şəklində bükməyə başlayın, daha sonra isə içini aşağıda izah edilən iki üsuldan birini istifadə edərək doldurun.
1ci üsul: ruletin bir ucunu büzüb bağlayın, digər ucu açıq qalsın. Barmağınızla ruletin açıq qalan tərəfini oyun. İçi boş konus alınmalıdır.
2ci üsul (bu üsül xəmiri daha da qat-qat edir): Ruleti əlinizdə hər iki tərərfindən tutaraq 3 dəfə burun (paltar sıxan kimi). Sonra əlinizlə basıb yastılayın. Yastıladığınız kökənin içində oyuq açın (göbələyin papağına oxşar).
Oyuğun içinə bir xörək qaşığı yarım içdən doldurun. Kökənin uclarını bir yerə gətirib bağlayın. Kökəni əlinizlə diametri 10 sm olanadək yastıladın. Qoğalları bir-birindən aralı vəziyyətdə listlərə düzün.
Əvvəlcədən sobanı 180C-dək qızdırın.
Qoğalların mərkəzində barmağınızla dayaz boşluq açıb oraya bir çimdik iç qoyun.Qoğalların üstünə yumurtanın sarısını çəkin və xaşxaş səpin. 40 dəqidə ərzində, və yaxud üstləri qızaranadək bişirin (20 dəqiqə bişdikdən sonra listlərin yerlərini dəyişin). Qoğal soyuduqdan sonra süfrəyə verin.
Nuş olsun!