Yeni il üçün süfrə bəzəkləri
Yeni ili hər kəs fərqli məkanlarda keçirə bilmir. Buna görə kefimizi pozmağa dəyərmi? Əlbəttə YOX! Olduğumuz məkanı hər zaman olduğundan fərqli və özəl etmək bizim əlimizdədir.
Hər il kimi 2018-ci il də öz çətinlikləri, gözəllikləri ilə bitmək üzrədir. Bu ilin son süfrəsini hazırlayacağımız üçün üstümüzdə başqa bir məsuliyyət hissi var. Bu günü həm özümüz üçün, həm də ailəmiz üçün yaddaqalan etmək öz əlimizdədir.
Elə məhz buna görə də Yeni ili çox fərqli, zövqlü və təmtəraqla qarşılaya bilməyiniz üçün bu yazını yazmaq qərarına gəldik. Marketlərdə satılan uyğun qiymətli yeni il aksessuarları ilə aşağıda sizə təklif etdiyimiz bəzəkləri hazırlaya bilərsiniz. Şəkilləri bizim Instagram və ya Facebook profillərimizə göndərməyi unutmayın. 🙂
1.İlk öncə rənglərdən başlayaq. Yeni il süfrəsi üçün iki və ya üç rəngdən istifadə edə bilərsiniz. Bu rənglər ağ, qırmızı və qızılı ola bilər. Əgər qablarınız ağ rəngdədirsə, qırmızı süfrə seçmək olar. Qızılı rəng aksessuarlarla isə kiçik toxunuşlar edə bilərsiniz. Bu rənglərin üçündən də istifadə etmək şərt deyil. Öz zövqünüzə görə uyğunluq yarada bilərsiniz.
2. Şamlar – süfrənizə romantik ab-hava qatmaq istəyirsinizsə, şamlar mütləqdir. Şamların rəngini də süfrənizə uyğun seçə bilərsiniz. Şamların uzun boy yoxsa kiçik boy olmasını soruşsanız, biz məsləhət görərdik ki, süfrənizin tərzinə uyğun seçin. Klassik süfrələrə uzun boy, avanqard və modern süfrələr kiçik boy seçməyinizi məsləhət görərdik.
3. Hər qaba bir ədəd yeni il oyuncağı qoyun. Üzərinə ailə üzvlərinizin adlarını qeyd edin. Axşam hər kəs öz adını tapıb, öz yerində əyləşsin. Bu həm də onlar üçün kiçik bir oyun olacaq. İnanırıq ki, bu surprizi bəyənəcəklər.
4. Yeni il içində böyük sevinclər yaşadan bir bayramdır. Bu bayramda böyük hədiyyələr almağa ehtiyac yoxdur. Lakin kiçik surprizlərə hər zaman, hər insan hazırdır. Hədiyyə kağızlarına bükdüyünüz hədiyyələrinizi hər kəsin öz qabının içinə qoya bilərsiniz. Bu da əlavə bir dekor kimi süfrənizə gözəllik qatacaq.
5. Əgər yuxarıda sizə təklif etdiyimiz bəzəklər xoşunuza gəlmədisə, sadəcə çəngəl, bıçaq və qaşığı dekor kimi istifadə edə bilərsiniz.
Süfrəmiz hazırdır 🙂
Süfrəmiz.az kollektivi olaraq Sizin Yeni ilinizi təbrik edirik! 2019-cu il həyatınıza sevgi, xoşbəxtlik, rahatlıq gətirsin!