Kəsmikli piroq resepti
Directions
Limon ətirli kəsmikli keks üçün resept
Ərzaqlar
250 qram kəsmik
115 qram kərə yağı, əridib soyudun
5 yumurta, otaq hərarətində
bir çimdik vanil tozu
3/4 stəkan əla növ ağ un
1- 1/4 stəkan şəkər tozu
1 stəkan qatıq (çox sulu olmasın)
1 limonun qabığı, sürtkəcin iri dişindən keçirilmiş
üstü üçün şəkər kirşanı
Qeyd: Diqqət yetirin ki, kəsmiyiniz çox sulu olmasın. Əgər suludursa, onu xəmirə qatmaqdan əvvləl tənzifə qoyub suyunu süzdürün. Kəsmik quru olmalıdır.
Necə hazırlanır?
1. Sobanı 180Cdək qızdırın.
2. Böyük bir qabda kəsmiyi kiçik parçalar halına gələnədək ovun. Üstünə soyumuş kərə yağı, yumurta, vanil tozu və unu əlavə edin. Mikserlə qarışanadək təxminən bir dəqiqə ərzində çalın. Alınan kütlə aşağıdakı şəkildə göründüyü kimi olmalıdır.
3. Ayrı qabda şəkər tozu və qatığı mikserlə qarışanadək çalın. Üstünə rəndələnmiş limon qabığı əlavə edib qaşıqla qarışdırın.
4. Qatıqlı qarışığı kəsmikli qarışığa əlavə edib qaşıqla qarışdırın. Alınan kütlə bir qədər sulu olacaq. Bu normaldır.
5. Keks formasının dibini və kənarlarını azacıq yağlayın. Alınan kütləni yağlanmış formaya tökün. Sobanın orta rəfində 50 dəqiqə ərzində, üstü qızaranadək, bişirin.
6. Keksin hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir yapışmayıbsa¸ keksiniz hazırdır (bu keks çox şişən kekslərdən deyil. Olduqca zərif və yumuşaqdır).
7. Keks öz formasında tamamilə soyuduqdan sonra, onu yavaşca alt-üst çevirin. Sonra servis qabına çevirib üstünə şəkər kirşanı və istəyə görə, rəndələnmiş limon qabığı səpin.