Pelmeni
Directions
Hər bir qadının çətin vəziyyətə düşəndə onu “xilas” edəcək bir yeməyi mütləq olmalıdır. Biz sizi “xilaskar” yeməklərdən biri olan “Pelmeni” ilə tanış etmək istəyirik.
Bizim reseptdən faydalanaraq “Pelmeni” hazırladınızsa, şəklini bizim İnstagram və Facebook səhifəmizə göndərməyi unutmayın. Təkliflərinizi isə şərh bölməsinə yaza bilərsiniz.
Tərkibi
Xəmiri üçün
4 stəkan un
1 ədəd yumurta
1 ç/q duz
2 x/q duru yağ
1 stəkan ilıq su
İçlik üçün
400 qr çəkilmiş ət
2 ədəd soğan
Keşniş
Şüyüd
Duz
İstiot
Əvvəlcə xəmirimizi hazırlayırıq. Unu bir qaba tökürük. Ortasından yumru bir deşik açırıq. Buraya duru yağı, duzu, istiotu, suyu əlavə edib xəmirimizi yoğururuq. Xəmir çox yumşaq və çox bərk alınmamalıdır. Xəmiri 15-20 dəqiqə gözlədirik.
İndi isə içliyi hazırlayaq. Soğanı, şüyüdü, keşnişi doğrayıb ətə əlavə edirik. Duz və istiotu əlavə edib əti yaxşıca qarışdırırıq. İçliyimiz hazırdır.
Hazır olan xəmirdən bir neçə ədəd kündə ayırıb, yaymağa başlayırıq. Yaydığımız xəmiri təxminən armudu stəkanın ağzı böyüklükdə yumru-yumru kəsirik. Hər bir yumrunun üzərinə 1 çay qaşığı içlik qoyub pelmeniləri bükürük. Əvvəlcə xəmiri üst-üstə qatlayırıq. Daha sonra isə iki ucunu birləşdiririk.
Bükülmüş pelmeniləri içinə un səpilmiş (yapışmaması üçün) qaba səliqə ilə düzürük. Bu reseptən təxminən 180-190 ədəd pelmeni alınmalıdır. Qablara düzdüyünüz pelmeniləri daha sonra buzluğa qoyuruq ki, biraz donsun. Təxminən 15-20 dəqiqə qaldıqdan sonra onları 2-3 bişimlik ayıraraq paketlərə yığırıq və yenidən buzluğa qoyuruq. Buzluqda xarab olmur. İstədiyiniz vaxt qaynadılmış suyun içinə tökərək bişirib süfrəyə təqdim edə bilərsiniz. Pelmeni bişərkən onun suyuna 2-3 ədəd dəfnə yarpağı da əlavə edə bilərsiniz.
Süfrəyə təqdim edərkən qabların içinə xırda-xırda kərə yağ doğrayın. İstəyə uyğun olaraq qatıqla və ya smetanla təqdim edə bilərsiniz.
Nuş olsun!