Pizza xəmiri
Directions
Pizzanı hər kəs sevir desək yəqin yanılmarıq. Pizzanın dadlı olmasının sirri üstündəki ərzaqlardan çox onun xəmirindədir. Əgər bu sirri tapa bilmisinizsə, Pizzanız mükəmməl alınacaq. Əgər hələdə yaxşı Pizza xəmirinin axtarışındasınızsa, sizi təbrik edə bilərik. Bu sirrin cavabını bizim saytımızda tapdınız.
Ərzaqlar
125 ml su
200-250 qram un
1 x/q zeytun yağı
1.25 ç/q maya
1 ç/q duz
Ərzaqlarımızı hazırlayaq. Yaxşı pizza xəmirinin birinci sirri onun unudur. Bacardığınız qədər sınaqdan keçirdiyiniz ən yaxşı unu istifadə edin. Təbii ki, italyan unu mükəmməl seçim olacaq.
Mayamızı hazırlayaq. 125 ml isti suya mayanı əlavə edin. Buraya 1 qaşıq şəkər tozu da əlavə edə bilərik. Şəkər tozu onun tez özünə gəlməsinə kömək edəcək.
10 dəqiqə sonra xəmirimizi hazırlamağa başlaya bilərik. Unu dərin bir qaba tökün. Əvvəlcə 200 qramını istifadə edin. Lazım olarsa, yerdə qalan unu da əlavə edə bilərsiniz. Duzu tökün. Daha sonra hazırladığınız mayanı əlavə edin.
Əvvəlcə çəngəllə qarışdırın. Daha sonra əlinizlə yoğurmağa başlayın. Bu məqamda diqqətli olun. Xəmiriniz quru yox, biraz duru olmalıdır. Ehtiyac yaranarsa, bir çimdik un əlavə edin. Daha sonra zeytun yağını alınan xəmirin hər tərəfinə bərabər miqdarda tökün. Yoğurmağa davam edin. Bu mərhələdə xəmir sizə çox boş gələ bilər. Lakin un əlavə etməyə tələsməyin və yoğurmağa davam edin.
Ən vacib sirr! Xəmiri əlinizlə qabın içində açın. Sonra üst-üstə qatlayın. Xəmiriniz tam yumşalana kimi bu prossesi təkrar edin. Təxminən 10 dəqiqə. Un əlavə etmədən xəmiriniz çox yumşaq alınacaq. Xəmiriniz aşağıdakı şəkildəki kimi alınmalıdır.
Daha sonra üstünü örtün və isti yerdə 30 dəqiqə saxlayın.
30 dəqiqə sonra xəmiriniz aşağıdakı şəkildəki kimi iki dəfə böyümüş və daha yumşaq olacaq. Üzərinə azca un səpin və xəmiri 2-3 mm qarınlığında ölçüsü 30 sm olan pizza bişirəcəyiniz qabda açın.
Nuş olsun!