Yeni il bəzəkləri ilə peçenye
Directions
Yeni il dedikdə hər kəs üçün bayramın fərqli özəllikləri vacib olur. Kimisi üçün yeni il ağacının olması vacibdir, kimisi üçün qarın yağması, kimisi üçün yeni il hədiyyələri, kimisi üçün isə yeni il süfrəsi.
Biz ən sonuncunu seçənlərdənik. Süfrəmiz ən vacibidir. 🙂
Çay süfrənizdə yeni il əhval-ruhiyyəsini hiss etdirəcək peçenyelərimizlə tanış olun.
Tərkibi
2 x/q maye bal
100 qr şəkər tozu
100 qr kərə yağı
250-300 qr un
1 ədəd yumurta
1 ç/q qabartma tozu
1 ç/q zəncəfil
0.5-1 ç/q darçın
Qlazur üçün
1 ədəd yumurtanın ağı
200 qr şəkər kirşanı
0.5 ç/q nişasta
0.5 ç/q limon suyu
İndi isə hazırlamağa başlayaq. Birinci ərzaqlarımızı hazırlayaq. Kərə yağını əvvəlcədən soyuducudan çıxardın. Otaq temperaturunda yumşalsın.
Boş bir qaba unu ələyib tökürük. Unun üzərinə qabartma tozunu, darçını və zəncəfili əlavə edirik. İstəyə uyğun olaraq vanil də əlavə edə bilərsiniz. Əlavə etdiklərimizin hamısını qarışdırırıq. Və bir kənarda gözlədirik.
Ərimiş kərə yağına şəkər tozunu əlavə edib mikserlə 5-7 dəqiqə qarışdırırıq.
Mikseri dayandırmadan yumurtanı və balı əlavə edin. Mikserlə tam qarışana qədər qarışdırın.
Bu qarışıma yavaş-yavaş un əlavə edin. Qatılaşana qədər un əlavə edərək qarışdırın.
Xəmir yumşaq, elastik alınmalıdır. Yumşaq olmasına baxmayaraq ələ yapışmamalıdır. Lakin əldə çox təmas etsəniz əlinizə yapışa bilər. Ona görədə xəmiri bir ədəd şəffaf plyonkaya büküb soyuducuda 1 saat gözlədin.
İndi isə peçenyeləri hazırlamaq üçün lazım olan ləvazimatları hazırlayaq. Bunun üçün sizə 1 ədəd perqament kağızı, kokteyl çubuğu, oxlov və yeni il fiqurları lazım olacaq.
Xəmirimizi soyuducudan çıxardırıq. Biraz götürüb yerdə qalan hissəsini yenidən soyuducuya qoyuruq. Götürdüyümüz xəmiri perqament kağızının üzərinə qoyuruq. Əlimizlə biraz basırıq.
Daha sonra bu xəmirin üstünə 1 ədəd perqament kağızı yenə qoyuruq və oxlovla xəmiri təxminən 0.5 mm qalınlığında açırıq. İkinci perqament kağızını ona görə qoyduq ki, xəmir kağıza yapışıb qalmasın. Üstdən saldığımız perqament kağızını ehtiyatla götürürük.
Fiqurları əvvəlcə una batırırıq daha sonra isə xəmirin üzərinə qoyub basırıq. Fiqurları kəsdikdən sonra kənarlarda qalan əlavə xəmirləri çıxardırıq.
Sobamızı 200 dərəcədə qızdırırıq. Peçenyeləri perqament kağızının üstünə sobanın qabına qoyub 5-7 dəqiqə bişiririk. Hazır olan peçenyelər çox yumşaq olur. Buna görə də kokteyl çubuğu ilə xırda deşiklər aça bilərsiniz. Bunu etmək məcbur deyil. Kim bu peçenyeləri yolkanın üstündən asmağı planlayırsa, onlar edə bilər. Bu proseduru peçenyelər bişməmişdən əvvəl də edə bilərsiniz. Aşağıda sizə göstərilən kimi.
Təxminən 40-45 ədəd peçenye alınacaq. Peçenyelərimiz soyuyana kimi biz qlazuru hazırlayaq. İlk əvvəl bizə lazım olacaq ərzaqlarımızı hazırlayırıq.
Şəkər kirşanını ələyirik. Buraya nişasta əlavə edib qarışdırırıq. Daha sonra ortasında yumru bir dəlik açıb yumurtanın ağını buraya əlavə edirik.
Çəngəllə və ya qaşıqla yaxşı qarışdırın. Potların olmamasına, bərabər qarışdığına diqqət edin. Daha sonra mikserlə 10 dəqiqə rəngi ağarana kimi qarışdırın.
Ən sonda limon suyunu əlavə edin və biraz da qarışıdırın. Hazır olan qarışımdan bir az götürüb kənara qoyun. Qalan qarışımı bir neçə qaba bölüşdürün. Peçenyelərinizi neçə rənglə bəzəməyinizdən asılı olaraq qarışımı o qədər hissəyə ayıra bilərsiniz. Biz 3 rəngdən istifadə etdik.
Biz öz zöqümüzə uyğun olaraq çalışdıq ki, fərqli formalar edək və bəzəyək.
Siz də bu reseptlə hazırladığınız yeni il peçenyelərinin şəklini bizim İnstagram səhifəmizə (@sufremiz.az) göndərə bilərsiniz.
Nuş olsun!